SOCAR-da iş həyatının üstünlükləri
Korporativ dəyərlər, bərabər imkanlar
SOCAR, korporativ sosial məsuliyyətini dərindən dərk edən bir şirkət olaraq, ölkəmizin sosial həyatında fəal iştirak edir, həyata keçirilən mühüm sosial-iqtisadi layihələrə layiqli töhfələr verir.
Cinsindən, irqindən, dinindən, milli mənsubiyyətindən və siyasi baxışlarından asılı olmayaraq, bütün işçilərə bərabər karyera inkişafı imkanları yaradılır. SOCAR gender bərabərliyinə böyük əhəmiyyət verdiyinə görə qadınların karyera yüksəlişinə yönəlmiş təşəbbüslər göstərir. Şirkətimiz üçün ədalət və bərabərlik prinsipləri mühüm əhəmiyyət kəsb edir, bu səbəbdən Şirkətdə gənclərin və həssas qrupların işə cəlb olunması üçün təşəbbüslər davamlı olaraq göstərilir.
Təlimlənək, inkişaf edək!
Şirkətimiz işçilərinin şəxsi inkişafını dəstəkləmək məqsədilə mütəmadi olaraq interaktiv və simulyasiya xarakterli təlimlər, komanda ruhunu gücləndirən seminar və vebinarlar təşkil edir. SOCAR-da peşə təlimləri beynəlxalq standartlar əsasında keçirilir. Təlim mərkəzlərində ən müasir avadanlıqlardan istifadə olunması müasir bilik və səriştələrə yiyələnməyə imkan verir. Təqdim olunan sertifikatlar həm yerli, həm də xarici şirkətlərdə fəaliyyət göstərmək üçün bir vəsilədir. Nəzərə alsaq ki, hazırkı şəraitdə iş yerində yeni bilik və bacarıqların əldə edilməsi işçinin özü üçün də əhəmiyyətlidir, mütəmadi təşkil olunan təlimlər işçilərin fərdi inkişafına müsbət təsir göstərir.
İstedadlı və perspektivli gənclərin xarici ölkələrin qabaqcıl ali təhsil ocaqlarında (universitetlərində) təhsilini təşkil etmək məqsədilə 2006-cı ildə SOCAR-ın Xarici Təqaüd Proqramı təsis edilib və bu proqram uğurla həyata keçirilməkdədir. Proqram başlıca olaraq neft sənayesinin tələbatına uyğun ixtisaslar üzrə kadrların hazırlanmasına xidmət edir. Gənc və perspektivli əməkdaşlarımız şirkət hesabına dünyanın nüfuzlu ali təhsil müəssisələrində magistratura təhsili alaraq, qazandıqları innovativ biliklərlə ölkəmizin neft və qaz sənayesinin inkişafına töhfə verə bilərlər.
Mükafatlandırma və motivasiya tədbirləri
Ölkənin ən böyük işəgötürəni olan SOCAR işçilərinin xidməti fəaliyyətini şirkətin strateji məqsədləri ilə əlaqələndirərək performansın idarə olunması sistemini tətbiq edir. İşçilər üçün təyin olunan fərdi hədəflər qiymətləndirilir və hədəfə çatan əməkdaşların əmək haqqından əlavə ödənişlərlə mükafatlandırılmaları nəzərdə tutulur.
Nəqliyyat
Əməkdaşlarımızın iş yerlərinə təhlükəsiz və rahat şəkildə gəlmələri üçün SOCAR hava, su və quru nəqliyyatı xidmətlərini təmin edir. İşçinin yaşadığı əraziyə ən yaxın məntəqəyə servis xidməti təşkil olunur.
Qidalanma
İşçilərin vaxtında və sağlam qidalanmasını təmin etmək məqsədilə müəssisələrdə yeməkxanalar fəaliyyət göstərir və ekoloji təmiz məhsullardan hazırlanmış qidalar verilir.
Tibbi sığorta
SOCAR-da işçilərin sağlamlığının mühafizəsinə kompleks şəkildə yanaşılır, ilkin və dövri tibbi müayinədən keçməsi, stasionar müayinə və müalicələrin keyfiyyətinin yüksəldilməsi məqsədilə müntəzəm tədbirlər icra olunur. 2012-ci ilin əvvəlindən başlayaraq, SOCAR bütün işçilərini “Könüllü tibbi sığorta” Proqramı ilə təmin edib və işçilər səhiyyə xidmətlərindən pulsuz şəkildə faydalana bilirlər.
2013-cü ildən isə Mərkəzi Neftçilər Xəstəxanasında sığorta qeydiyyatına alınmış 15 min nəfərədək təqaüdçü neftçi sığorta proqramına uyğun həm ambulator, həm də stasionar müalicə ilə tibbi xidmət alır.
Mənzil təminatı
SOCAR-ın idarə və müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə onlara mənzil və torpaq sahələri ilə təmin olunmaq imkanı yaradılır. “Neftçi” Mənzil-Tikinti Kooperativinin (MTK) neftçilər üçün tikdiyi binalar su, elektrik xətti və təbii qazla təchiz edilir. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunur, binaların həyətində istirahət guşəsi yaradılır, ətrafı abadlaşdırılır.
Sosial ədalət prinsipinə riayət edilməsi üçün SOCAR üzrə mənzil növbəsinə götürülmüş işçilərin uçotu mərkəzləşdirilmiş qaydada aparılır, mənzil bölgüsü isə uçota alınan tarixlə tənzimlənir. Mənzil növbəsində olan işçilərin uçota götürüldükləri tarixlərə uyğun olaraq seçdikləri mənzillərin dəyərinin bir hissəsi kooperativə SOCAR, digər hissəsi isə işçi tərəfindən ödənilir. Kooperativ üzvlərinin ödəyəcəkləri pay haqqı SOCAR-ın Şurasının qərarları ilə tənzimlənir. MTK-ya üzv qəbul edilən şəxs mənzil uçotuna 1984-cü ilədək götürülübsə, onun üçün mənzilin dəyərinin 70%-i SOCAR tərəfindən ödənilir, 30%-ni isə özü ödəyir. Sonrakı illərdə uçota dayananlara gəlincə, bu faiz dərəcəsi SOCAR tərəfindən ödəniləcək hissədən hər il üçün 2% azalır və işçi tərəfindən ödəniləcək hissə artır. Qeyd olunan faiz dərəcələri mənzil qanunvericiliyinə uyğun olaraq ailəyə düşən normaya tətbiq olunur.
SOCAR-ın Xarici Təqaüd Proqramı üzrə təhsilini başa vurub, şirkətdə çalışan və “Neftçi” MTK-ya üzvlüklə bağlı müraciət edən işçilər üçün isə norma olaraq 2 otaqlı mənzil qəbul edilib. Onların norma daxilində seçdikləri sahənin dəyərinin 50%-i SOCAR tərəfindən ödənilir. Kooperativə üzv qəbul edilmiş işçilər ödəniləcək məbləğin üzərlərinə düşən hissəsini üzv olduqları binanın tikintisi başa çatanadək MTK-nın hesabına ödəməlidirlər.
SOCAR, “Xalq Bank” ASC və “Neftçi” MTK arasında imzalanmış Çərçivə Sazişinə əsasən, MTK-ya üzv qəbul edilmiş işçilər istədikləri təqdirdə, SOCAR-ın məktubu əsasında onların ödəyəcəyi məbləğ və ya onun bir hissəsini illik 4% olmaqla 10 ilə qədər müddətə kredit hesabına ödəmə imkanına malikdirlər.
“Neftçi” MTK-ya üzv qəbul edilmiş işçi mənzil qanunvericiliyinə uyğun olaraq ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsi normasından əlavə bir otaq və ya ona düşən mənzilin ümumi sahəsinin 50%-dən çox olmamaq şərti ilə əlavə sahə də ala bilər. Normadan artıq götürülmüş otağın və ya sahənin dəyəri üzv tərəfindən tam miqdarda ödənilir və bu məbləğ kreditləşməyə daxil edilmir.
Qeyd edək ki, 2015-ci ildən mənzil uçotuna alınma dayandırılıb.
Həmkarlar İttifaqı
Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı neftçilərin sosial müdafiəsinin gücləndirilməsi, neft-qaz sənayesi əməkçilərinin sosial ehtiyaclarının daha dolğun ödənilməsi, iş şəraitinin və əməkçilərin maddi rifahının yaxşılaşdırılması istiqamətində aktiv rol oynayır. Qeyd olunmalıdır ki, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi SOCAR ilə Kollektiv Saziş imzalanmasında əsas tərəflərdən biri kimi çıxış edir. Bu sənəd işçinin iş və istirahət vaxtı, əmək haqqı, sosial təminatı, əməyin mühafizəsi, peşə hazırlığı və ixtisasının artırılması, gender bərabərliyi və gənclərin məşğulluğu məsələlərini tənzimləyir.