Azərbaycanın ən böyük işəgötürən şirkəti - SOCAR olaraq, biz kadrların peşəkarlıq səviyyəsini inkişaf etdirmək, gənc mütəxəssislərin təcrübələrini daha da artırmaq, həmçinin neft kapitalını insan kapitalına çevirmək istiqamətində mütəmadi tədbirlər həyata keçiririk. Bu tədbirlər çərçivəsində SOCAR-ın reallaşdırdığı təqaüd proqramları özünəməxsus yer tutur.
Xarici Təqaüd Proqramı
2006-cı ildən hal-hazıradək Xarici Təqaüd Proqramı (XTP) çərçivəsində istedadlı və perspektivli azərbaycanlı gənclərin xarici ölkələrin aparıcı universitetlərində təhsil almalarını təmin edirik. 2018-ci ildən isə XTP yalnız magistratura pilləsi üzrə SOCAR Qrupda çalışan əməkdaşlar üçün nəzərdə tutulub. Proqram başlıca olaraq neft sənayesinin tələbatına uyğun ixtisaslar üzrə kadrların hazırlanmasına xidmət edir.
Təqaüdün məbləğinə təqaüdçünün ildə bir dəfə təhsil aldığı ölkəyə gedib-gəlməsi üçün nəqliyyat xərcləri, təhsil haqqı, viza, yaşayış və qidalanma xərcləri, tibbi sığorta və digər zəruri xərclər daxildir.
BANM Təqaüd Proqramı
BANM-də müvafiq ixtisas üzrə müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə bu Ali Məktəbdə MBA üzrə təhsil alan SOCAR əməkdaşları üçün təqaüd proqramı həyata keçiririk. Təqaüd proqramı hər yeni tədris ilinə şamil olunur və təqaüd proqramına qoşulmuş SOCAR əməkdaşları təhsil haqqından azad edilir.
BANM Təqaüd Proqramınının əsas məqsədləri əməkdaşların peşəkar kvalifikasiyasının inkişaf etdirilməsinə dəstək olmaq, onları davamlı təhsil almağa həvəsləndirmək, əməkdaşların səriştəlilik, xidməti fəaliyyətinin məhsuldarlığı və təşəbbüskarlıqlarını artırmağa yardım etmək və yüksək potensiallı işçilərin inkişafına dəstək göstərməkdir.