Zərdab
“Zərdab” qalxımı “Muradxanlı” neftli-qazlı rayonundakı “Zərdab-Muradxanlı” antiklinal zonasının şimal-qərbində yerləşir. Bu struktur ötən əsrin 60-cı illərinin sonunda seysmik kəşfiyyat (əks olunan dalğa üsulu) işləri nəticəsində aşkar edilib. Sahədə 1970-ci illərdə qravimetrik və maqnitometrik materialların təhlili və ümumiləşdirilməsi işləri, 1980-ci illərdə isə yüksəkdəqiqlikli və sahəvi tədqiqat işləri aparılıb.
1970-ci ildə strukturda qazmaya hazırlıq işlərinə başlanılıb. 1972-ci ildə strukturun tağ hissəsində 4608 metr dərinliyə 1 saylı quyu qazılıb. Daha sonra həmin quyudan 2,5 km qərbdə növbəti (2 saylı) quyu qazılıb. Texniki cəhətdən bu quyu layihə dərinliyinə tam çatdırıla bilməyib. 4825 metr dərinliyə qazılan 7 saylı quyu isə Üst Təbaşirin karbonatlı çöküntülərini açıb və seysmik kəşfiyyatın məlumatlarını təsdiqləyib. Beləliklə, 1 və 7 saylı quyularda Eosen-Üst Təbaşir çöküntülərində neft təzahürləri qeydə alınıb. “Zərdab” sahəsində qazılmış 3 saylı axtarış quyusunda isə sutkalıq 350 ton hasilatla qısamüddətli neft axını alınsa da, sonradan quyu güclü sulaşma səbəbindən normal vəziyyətdə sınaqdan keçirilməyib.
“Zərdab” sahəsi hazırda kəşfiyyatdadır. Gələcəkdə bu sahədə strukturların geoloji quruluşunun dəqiqləşdirilməsi məqsədilə 3D seysmik və qravimaqnitometrik işlərin aparılması nəzərdə tutulur. Sturktur SOCAR-ın “Azneft” İB-nin Ə.Əmirov adına NQÇİ-nin balansındadır.