Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Yerin dərin qatlarında qiymətli sərvətlər, o cümlədən zəngin neft-qaz yataqları mövcuddur. Yer səthinə yaxın yerləşən bir çox yataqlar artıq istismara verilib, onlardan bəziləri isə tükənmək üzrədir. Bu səbəbdən, xüsusilə dərin qatlardakı yataqların aşkarlanması və onların hasilat prosesi üçün işlənilməsi (quyuların qazılması və s.) labüddür. Bu da böyük vəsait, habelə illərlə vaxt tələb edir. Kəşfiyyat karbohidrogenlərin axtarışı və yataqların işlənməsini əhatə edən enerji istehsalının ilkin mərhələsini təşkil edir. Axtarışlar əvvəllər ənənəvi olaraq quyu qazmaq üsulu ilə aparılırdısa, hazırda geofiziki-kəşfiyyat metodları (maqnit, qravimetrik, elektrik, seysmik, radioaktivlik) ilə əvəz edilib. Bu da kəşfiyyat axtarış işlərinə xeyli vəsait və vaxtın qənaət olunmasına imkan verir. Dərinlikdə yerləşən neft və ya qaz yataqları əvvəlcə maqnit, qravimetrik və ya elektrik üsulları ilə aşkar olunur, sonra isə potensial cəhətdən daha əlverişli sahədə dəqiq seysmik tədqiqatlar aparılır. Seysmik tədqiqat üsulu elastik dalğaları partlayışlarla və ya yerə vurma qurğuları ilə yaradılır. Yerin 5-10 km-lik dərinliklərində olan alt laylarından əks olunan dalğalar müəyyən sahənin struktur quruluşunun bəzi hissələrini təyin etməyə imkan verir.

Geofiziki üsullarla neft-qazla zəngin potensial sahələr aşkar olunur, lakin geoloji cəhətdən tədqiq olunmadıqda həmin sahələrdə neft və qaz yataqlarının kəşfiyyatı məqsədilə quyular (məsələn, istinad quyuları və ya parametrik quyular) qazılır. Strukturların laylarında yerləşən neft-qaz yataqlarının kifayət qədər məhsuldar olması dəqiqləşdirildikdə, proses növbəti - hasilat mərhələsinə qədəm qoyur. Potensial yatağın kəşfiyatı və işlənilməsi bəzən on illərlə davam edir.