“Naxçıvan” strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasından 90 km cənubda yerləşir. Strukturun yerləşdiyi ərazidə dənizin dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir. Sahilə qədər olan ən yaxın məsafə 55 km-dir. Strukturun şimal-qərbində “Bulla-dəniz” və “Bahar” yataqları yerləşir.
“Naxçıvan” strukturu 1960-cı ildə aşkar edilib. 1994-cü ildə isə ərazi seysmik kəşfiyyatın ümumi dərinlik nöqtəsi üsulu ilə daha dəqiq öyrənilərək axtarış qazmasına hazırlanıb. "Naxçıvan" perspektiv dəniz strukturunun işlənməsinə dair hasilatın pay bölgüsü üzrə saziş 1997-ci il avqustun 1-də ABŞ-ın “Exxon” (50%) şirkəti və SOCAR (50%) arasında imzalanıb. “Exxon” və “Mobil” şirkətləri birləşdikdən sonra iştirak payları dəyişməyib: SOCAR - 50%, “ExxonMobil” 50%. Saziş sahəsi 280 km²-lik ərazini əhatə edir. 1998-ci ilin yanvar-aprel aylarında “Naxçıvan” strukturunda üçölçülü (3D) və ikiölçülü (2D) seysmik kəşfiyyat işləri aparılıb. 2001-2002-ci illər ərzində strukturun uzaq şimal periklinalında ilk axtarış quyusu – “NAX-1” qazılıb. Aparılan tədqiqat işlərinin nəticəsinə görə, quyudibində lazımi miqdarda karbohidrogenlə doymuş obyektlər aşkar edilmədiyindən quyu bağlanıb və ərazi tərk edilib. Sazişə 18 dekabr 2006-cı il tarixində xitam verilib.
Bununla belə, “Naxçıvan” strukturunun ehtiyatları 300 milyard m³ qaz və 38-40 milyon ton qaz-kondensat həcmində proqnozlaşdırılır. 2020-ci ilin yanvarında SOCAR və Rusiyanın “LUKOIL” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb. Memorandum tərəflərin həmin strukturlarda əməkdaşlıq etmək niyyətinin ifadəsi kimi qiymətləndirilir. Sənədə uyğun olaraq, karbohidrogen potensialını qiymətləndirmək üçün sahə üzrə əldə olunmuş geoloji-geofiziki məlumatlar “LUKOIL” şirkətinə təqdim edilib. Qiymətləndirmə işləri davam etdirilir.