Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR quruda və Xəzər dənizinin Azərbaycan sektorunda digər şirkətlərlə birlikdə 27 yataq istismar edir. "AzGerneft" MMC ilə birgə işlənən “Ramana” yatağı istisna olmaqla digər yataqlar Hasilatın Pay Bölgüsü və Risk Xidməti sazişləri əsasında işlənilir. Hasilatın Pay Bölgüsü və Risk Xidməti sazişləri dövlət (və ya dövlət neft-qaz şirkəti) və neft-qaz şirkəti(ləri) arasında bağlanılır. Adətən şirkət yatağın işlənilməsi üçün lazım olan bütün maliyyə və əməliyyat risklərini öz üzərinə götürür. Bu tipli sazişlərə əsasən, kəşfiyyat mərhələsindən sonra karbohidrogen hasilatından əldə olunan gəlirdən şirkətin kapital və əməliyyat xərcləri ödənildikdən sonra yerdə qalan mənfəət tərəflər arasında bölünür. Bu iki saziş arasında fərq isə ondadır ki, Hasilatın Pay Bölgüsü Sazişində şirkət hasilatdan pay əldə edir, Risk Xidməti Sazişində isə neft-qaz şirkəti neft hasil olunandan sonra dövlətdən pul şəklində mükafatlar alır.