01.01.2023-cü il tarixə olan məlumata əsasən, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) balansında respublikamızın quru ərazilərində (28 yataq) və Xəzər dənizinin Azərbaycan sektorunda (19 yataq) yerləşən 47 neftli-qazlı yataq var, onlardan 28 yataq (15-i quruda, 13-ü dənizdə) işlənmədədir.
"Neft Daşları" yatağı dünya miqyasında açıq dənizdə işlənməyə cəlb olunan ilk yataq sayılır və bu göstəricisinə görə Ginnesin Rekordlar Kitabına daxil edilib. Yatağın 1949-cu ildə istifadəyə verilməsi neft tarixində yeni səhifə açıb və dərin qatlarda yerləşən neft-qaz ehtiyatlarının istismarı üçün elmi-praktiki bünövrə yaradılıb. Quruda davamlı işlənilən yataqlara isə “Bibiheybət”, “Lökbatan-Puta-Quşxana” və “Korgöz-Qızıtəpə-Şonqar” yataqları misal göstərilə bilər. Sözügedən yataqların sənaye işlənməsi, müvafiq olaraq, 1871, 1927, 1931 və 1932-ci illərdə başlanıb. “Bibiheybət” yatağının işlənməsinin ikinci mərhələsi 1923-cü ildə Bibiheybət buxtasının bir hissəsinin süni şəkildə qurudulmuş sahəsində 82,5 metr dərinliyində qazılmış 5 saylı quyu ilə başlanıb. Qeyd etmək lazımdır ki, Bibiheybət buxtasının qurudulması və burada neft buruqlarının qazılması layihəsi 1910-cu ildə Bakıya dəvət olunan məşhur polyak mühəndis Pavel Pototski tərəfindən əvvəlcə 27 ha, sonra isə 79 ha ərazinin qurudulması ilə həyata keçirilib.
Azərbaycanın quru ərazisində yerləşən digər yataqlardan ikisi – “Türkan” və “Bəyimdağ-Təkçay” kəşfiyyat mərhələsindədir.